Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır.

Azərbaycan “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşaraq, bunu Azərbaycanın uğuru adlandırıb.

“Doing Business 2020” hesabatından öncə yayımlanan bloq yazısında qeyd edilir ki, Azərbaycan əsas 4 sahədə islahat aparıb: “Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib. Onlar “Əmlakın qeydiyyatı”, “Azlıqda olan investorların hüquqlarının müdafiəsi”, “Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi” sahələridir.

Bakıda pilot layihə olaraq hər bir fərdi ərazinin rəsmi xəritələşməsi və qeydiyyatı nəticəsində əmlakın qeydiyyatı daha da sürətlənib.

Ədalətli olmayan, yaxud sui-istifadə edən səlahiyyətli şəxslərə qarşı məsuliyyətin tətbiqindən sonra azlıqda olan investorların müdafiəsi güclənib.

Həmçinin kommersiya mübahisələri yarandıqda tərəflər onlayn müraciət edə və vasitəçilik üçün maliyyə əldə edə bilərlər”, - açıqlamada deyilir.

 

Haradan haraya?

Dediyimiz kimi, ölkə iqtisadiyyatının dəyişən palitrası reytinqlərdə də əks olunur. Gəlin, son bir neçə ilin dəyişən göstəricilərini nəzərdən keçirək.

Azərbaycanın “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə  tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib.

2013-cü ildə Azərbaycan 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Dünya maliyyə böhranının davam etdiyi 2014-cü il Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında 70-ci yerdə olub.

2017-ci ildə isə Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business” hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxıb. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilmişdi.

Bir il sonra “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Bu hesabatlarda 4 il müddətində Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu, islahatların aparılması istiqamətləri üzrə inkişaf tempi aydın ifadə edilib. Əgər 2017-ci ildən 2018-ci ilə irəliləyiş 8 pillə olubsa, 2018-ci ildən 2019-cu ilə 32 pillə təşkil edib. 2019-cu ildən 2020-ci ilə isə daha 5 pillə irəliləyiş proqnozlaşdırılır. 

 

...təsadüfi deyil!

Reytinqdə bu cür sıçrayış təsadüfi deyil. Ölkə iqtisadiyyatının diversifikasiyası, ixrac potensialının realizəsi, yerli istehsalatın güclənməsi – bütün bu pozitiv, dinamik dəyişikliklər aparılan real, dayanıqlı inkişafı təmin etməyə yönəlmiş islahatların nəticəsi kimi ortaya çıxıb.

Son 15 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun 3,3, sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artması dediklərimizin rəqəmlərlə ifadəsidir.

Bu dəyişiklikləri Azərbaycan vətəndaşı öz həyatında, şəxsi həyatında hiss edir! Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə endirilməsi, işsizlik səviyyəsinin 10,6 faizdən 5 faizə düşməsi birbaşa vətəndaşın həyatındakı dəyişikliyin statistik göstəriciləridir.

 

Niyə nikbin olmaq olar?

Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət növbəti ildə nəinki davam etdiriləcək, bir qədər də şaxələndiriləcək. Bu, özünü növbəti ilin dövlət büdcəsinin xərclərində də göstərəcək. Belə ki, 2020-ci ildə büdcə xərclərinin 40,7 faizinin sosial məsələlərə yönəldilməsi nəzərdə tutulub. Dərhal xatırladaq ki, 2019-cu ildə bu rəqəm 33,4 faiz təşkil edib.

Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 24,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2019-cu il büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat çoxdur. 2020-ci ildə büdcə xərcləri isə 25,6 milyard manat proqnozlaşdırılır. Bu da 2019-cu ildə olan xərclərdən 427,7 milyon manat çoxdur.

Beləliklə, götürülən siyasi kurs proqnozlaşdırmağa imkan verir ki, həm sosial paketlər, ümumilikdə sosialyönümlü tədbirlər, həm də iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində addımlar davam edəcək.

Vüsal Məmmədov